“Empire State” sadəcə bir göydələn deyil, o, həmçinin Nyu-Yorkun simvollarından biridir.
Maya.news xəbər verir ki, 102 mərtəbədən ibarət bina şəhərin Manhetten bölgəsində yerləşir.

İnşasına 1929-cu ildə başlanılıb, 1931-ci ildə isə istismara verilib. 410 gün kimi qısa müddətdə tamamlandığına görə, öz dövrünün mühəndislik möcüzələrindən hesab olunur.
Villiam Lamb tərəfindən layihələndirilən “Empire State” Şimali Karolinadakı “Reynolds” və Sinsinnatidəki “Carew Tower”-dən ilhamlanaraq yaradılıb.

448,7 metr hündürlüyə malik bina 1972-ci ildə Ümumdünya Ticarət Mərkəzi tikilənə qədər dünyanın ən hündür binası olub. Bu titulu itirdikdən sonra daha 11 mərtəbə yüksəldilməsi təklif olunsa da, təhlükəsizlik səbəbindən bu təklif qəbul edilməyib.

Tikintisinə 10 milyon kərpic və 700 km kabel sərf edilən binada 6500 pəncərə və 73 lift var. Binada təxminən 21 000 insan işləyir.
“Empire State”in 102-ci mərtəbəsində şəhərə baxış meydançası var ki, hər il bu səbəbdən binanı milyonlarla turist ziyarət edir.