Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva adına Polşada təqaüd proqramı təsis edilib.
Maya.news AZƏRTAC-a istinadla xəbər verir ki, təqaüd proqramı Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə yaradılıb.
Təqaüd proqramı bir neçə əsas məqsədə xidmət edir:
- Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsini əbədiləşdirmək və onun qəhrəmanlıq nümunəsini gənc nəsillərə tanıtmaq;
- Polşada təhsil alan azərbaycanlı xanım tələbələri akademik və şəxsi inkişaf baxımından təşviq etmək;
- Gənc nəslin milli dəyərlərə bağlılığını artırmaq və onların cəmiyyətə aktiv töhfə verməsini dəstəkləmək.
Bildirilib ki, Polşada ali təhsil alan, minimum bir semestri uğurla başa vurmuş və yüksək akademik göstəricilərə malik tələbələr, eləcə də cəmiyyətə aktiv töhfə verən və müxtəlif ictimai layihələrdə iştirak etmiş şəxslər müraciət edə bilərlər.
Təqaüdə müraciət etmək istəyən tələbələr onlayn müraciət formasını dolduraraq təqdim etməlidirlər.
Müraciətlər akademik nailiyyətlər, şəxsi motivasiya və ictimai fəallıq kimi meyarlar əsasında qiymətləndiriləcək.
Bu təqaüd proqramı Polşada yaşayan azərbaycanlı tələbə qızların fərdi inkişafına və onların cəmiyyətə daha böyük töhfə verməsinə dəstək olmaq məqsədini daşıyır.