Dırnaq baxımı prosedurları qadın və kişilərdə fərqli olsa da, məqsəd eynidir. Uzanan dırnaqları kəsmək lazımdır. Bəs yüz minlərlə il əvvəl insanlar qayçı və dırnaqtutan olmadan dırnaqlarını necə kəsirdilər?
Maya.news xəbər verir ki, dırnaqtutanın istehsalına 20-ci əsrdə başlanılıb. Qayçının tarixi isə eramızdan əvvəl III əsrə qədər uzanır. İlk qayçılar bir-birinə birləşdirilmiş 2 bıçaqdan ibarət olub. Bu qayçılar daha çox qoyun qırxmaq üçün istifadə edilib və onların dizaynı 2 min il ərzində dəyişməz qalıb.
Tarixə nəzər saldıqda insanların dırnaq tutma ənənəsinin 3 min il yaşı olduğu məlum olur. İlk insanlar dırnaqlarını tutmaq üçün xüsusi alətdən istifadə etməyiblər. Onların yaşam tərzinə nəzər saldıqda yığıcılıq və ovçuluqla daha çox məşğul olduqlarına şahid oluruq. Məhz ağır fiziki işlər dırnaqların zədələnməsinə və öz-özünə qopmasına səbəb olub.
Bəşəriyyətin inkişafı nəticəsində yeni yaranan nəsillər isə çeynəyərək və dişləri ilə qopararaq dırnaq problemini həll ediblər. Bu xüsusiyyətə bugünkü heyvan növlərinin bir çoxunda da rast gəlinir.
Kəsici alətlərin ortaya çıxması ilə isə vəziyyət dəyişib. Nəticədə insanlar dırnaqlarını tutmaq üçün bıçaqlardan istifadə etməyə başlayıblar. Hətta kraliça Kleopatra dırnaqlarını kəsdirdikdən sonra onları qırmızı rəngə boyatmaqdan xüsusi həzz alıb.