Yəqin ki, bütün avtomobil sürənlərin arzusu bir gün “Ferrari” idarə etməkdir. Bu avtomobil modeli həm sürət, həm də lüks sevənlər üçün ideal seçimdir.
Maya.news xəbər verir ki, “Ferrari” brendi 1929-cu ildə Enzo Ferrari tərəfindən İtaliyada yaradılıb. Brendin ilk adı “Scuderia Ferrari” olub. Enzo uzun illər yarış avtomobili idarə etdiyi və uğurlu bir kariyeraya malik olduğu üçün ilk “Ferrari” avtomobillərini də yarışlar üçün hazırlayıb. Bu brendin ilk avtomobili 1947-ci ildə istehsal olunan “Ferrari 125 S” modeli olub. Bu model V12 mühərrikə malik olması ilə qısa müddətdə məşhurlaşıb.

1950-ci illərdə “Ferrari” “Formula 1” yarışlarında iştirak etməyə başlayıb və cəmi 2 il sonra bu yarışlarda çempionluğu qazanıb. Hazırda da “Ferrari” komandası “Formula 1” yarışlarının ən uğurlularından biridir.
“Ferrari”nin ikonik modellərinə gəldikdə isə 1950-ci illərdə istehsal olunan “250 GTO” və 1980-ci illərdə istehsal olunan “F 40” modelləri hələ də kolleksionerlər tərəfindən yüksək qiymətləndirilir.
1969-cu ildə “Ferrari”nin 50%-nin “Fiat” şirkətinə satılması ilə bu brend adı altında daha çox avtomobil istehsal olunmağa başlanılıb.
Müasir dövrdə “Ferrari” həm innovativ, həm də yüksək performanslı hiper avtomobillər istehsal etməyə davam edir.