Bəzi insanlar var ki, onlar yetmiş, səksən, hətta doxsan yaşlarında belə qocalıqla bağlı stereotipləri qırmağı bacarırlar.
Maya.news qocalığı ancaq fiziki proses kimi görən, həyat tərzi ilə zamana meydan oxuyan 95 yaşlı model Helen Rut Elamın hekayəsini təqdim edir:
1928-ci ildə anadan olan Helen özünəxas ağ saçları və fərqli geyim tərzi ilə “ən dəbli nənə” titulunu qazanıb. Sosial mediada 3 milyondan artıq izləyicisi olan Helenin hər yeni paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanır.

95 yaşında məşhurluq qazansa da modelin həyatı heç də asan keçməyib. Oğlunu xərçəng xəstəliyi, həyat yoldaşını isə avtomobil qəzası səbəbilə itirib. 28 il bir fabrikdə işçi kimi çalışan Helenin indi 8 nəvəsi və 2 nəticəsi var.
Onun şöhrətinin yayılması isə nəvəsinin paltarını geyinərək şəkil çəkdirməsi ilə başlayıb. Bu şəkil sosial şəbəkələrdə sürətlə yayılıb və Helen bir gecədə məşhur olub. Hazırda Rihanna, Dreyk, Qven Stefani kimi dünyaca məşhur insanlar onu sosial mediada izləyirlər.

Model kimi məşhurlaşdıqdan sonra Helen bir çox moda gecəsində iştirak edib və dünyaca məşhur brendlərlə əməkdaşlığa başlayıb.
İnsanlar onu təkcə geyim tərzinə görə deyil, həmçinin davranışlarına görə də sevirlər. Cəsarəti ilə milyonlarla insanı heyran edən “ən dəbli nənə” bəzi insanlar tərəfindən isə tənqid olunur.
Bəs siz bu haqda nə düşünürsünüz? 95 yaşınız olsa, siz də bu cür aktiv həyat sürə bilərsiniz?