Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma hadisəsi təsdiqlənib.
Maya.news xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər edib. Səfərdən qayıtdıqdan bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə bağlı Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Həkim-infeksionist xəstənin simptomlarına əsasən meymunçiçəyi virusundan şübhələnib. Anamnez toplanması nəticəsində məlum olub ki, xəstə səfər zamanı səpgili şəxslə təmasda olub.
Laborator müayinə üçün götürülən yaxmanın PZR üsulu ilə analizi xəstənin meymunçiçəyi virusuna yoluxduğunu təsdiqləyib.
Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
“Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüblər, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək”, – birgə məlumatda qeyd olunub.